ELM VƏ TƏHSİL
15 iyun - Azərbaycan tarixinə əbədi həkk olunmuş gün
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə universitetdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir “Heydər Əliyev məktəbinin lektoriyası”nda davam edib.
Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan xalqı və dövləti üçün çox əlamətdar və böyük tarixi-siyasi əhəmiyyət daşıyan bir gündür. Məhz bu gün xalqımız öz dahi oğlu, milli xilaskarımız, ulu öndərimiz Heydər Əliyevin böyük vətənpərvərliyi, fədakarlığı, zəngin həyat və siyasi təcrübəsi, müdrikliyi, qətiyyəti və böyük səyləri nəticəsində xalqımız sabitlik və inkişaf yoluna çıxıb, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun bünövrəsi qoyulub.
Professor M.Cəbrayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olub. 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalanıb. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhd cinayətlərinin qarşısı qətiyyətlə alınıb, elə həmin il Azərbaycanın ilk milli Konstitusiyası qəbul edilib. Ulu öndər Heydər Əliyev öz üzərinə düşən xilaskarlıq və quruculuq missiyasının öhdəsindən layiqincə gəlib. Beləliklə, iyunun 15-i xalqımızın Milli Qurtuluş Günü olub. Azərbaycan sürətli və hər tərəfli inkişaf yoluna qədəm qoyub. Hazırda həmin hərtərəfli tərəqqi, inkişaf yeni məzmun və keyfiyyətdə Prezidenti İlham Əliyev tərəfindən böyük inam və uğurla davam etdirilir.
Tədbirdə universitetin Azərbaycan tarixi kafedrasının baş müəllimi Elman Mirzəyevin “15 iyun - Azərbaycan tarixinə əbədi həkk olunmuş gün ” mövzusunda məruzəsi dinlənilib. Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov mövzu ilə bağlı çıxış edib. Qeyd olunub ki, 15 İyun - Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirilib. Həmin vaxtdan xalqımız iyunun 15-ni əlamətdar tarixi gün kimi qeyd edir və bu günü müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Vurğulanıb ki, 1993-cü ilin 15 iyunu, həqiqətən, xalqımızın tarixinə fəlakət və xaosdan qurtuluş günü kimi yazılıb. Bu gün həm də müasir tariximizə müstəqil respublikamızın hərtərəfli tərəqqisinin, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin bünövrəsinin qoyulduğu bir gün kimi daxil olub.