CƏMİYYƏT
İstanbulda IV Dünya Türk Forumu başa çatıb
İstanbul, 26 aprel, AZƏRTAC
İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilən IV Dünya Türk Forumu aprelin 25-də başa çatıb.
Forumda 60-a yaxın ölkədən 450-dək nümayəndə iştirak edib. İki gün davam edən tədbirdə Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Forum çərçivəsində keçirilən müxtəlif toplantılarda Azərbaycan tərəfdən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Musa Qasımlı, Qənirə Paşayeva və başqalarının çıxışları olub. Nümayəndə heyətimizin üzvlərinin gündəlikdə duran məsələlərlə bərabər, türk dünyasının birliyi, ortaq dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı barədə fikir və təklifləri maraqla qarşılanıb. İştirakçılara Çanaqqla zəfərinin qazanılmasında Azərbaycanın qəhrəman övladlarının şücaəti, Xocalı soyqırımının dəhşətləri, 1918-ci ilin martında erməni silahlıları tərəfindən xalqımıza qarşı törədilən soyqırımı, o cümlədən uydurma “erməni soyqırımı” mövzusunun səbəb və məqsədləri ilə bağlı ətraflı məlumatlar verilib.
Ümumilikdə Forumda yeni regional və qlobal idarəetmə, xalq diplomatiyası, media, informasiya, türk dünyası və diasporları üçün yeni perspektivlər, “erməni məsələsi” və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində türk dünyası qarşısında müxtəlif sahələr üzrə səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsə TASAM-ın “Qızıl alma” mükafatı təqdim olunub.
Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Ramiz Əsgər və Azərbaycanın əməkdar artisti Azərin də təltif edilənlər arasında olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul