CƏMİYYƏT
Bakıda “Red Bull Paper Wings-2015” çempionatının milli finalı keçiriləcək VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
“Red Bull Paper Wings” kağız təyyarəciklərin buraxılması üzrə beynəlxalq çempionatdır. Dünyanın hər yerindən tələbələr ən tez, bədii baxımdan orijinal, texniki cəhətdən təkmilləşmiş kağız təyyarəcik düzəltmək bacarığı üzrə yarışırlar. Yarış üçün lazım olan şey bu tədbirdə iştirak etməyi arzulamaqdır. Yarışın əsas tələbi uçuşun uzunluğu, müddəti və aerobatikadır.
AZƏRTAC xəbər verir ki, bu il Azərbaycanın istənilən tələbəsi kağız aviasiya dünyasına əyləncəli səyahət edə bilər. Hər şey seçim turlarından başlanacaq. Aprelin 4-də isə Bakı Dəniz Vağzalında milli final keçiriləcək. Bundan sonra milli finalın üç qalibi Azərbaycanı “Red Bull Paper Wings” çempionatının dünya finalında təmsil edəcək. Dünya finalı isə Avstriyanın Zaltsburq şəhərində şüşə günbəzlərin altında əfsanəvi nadir aviasiya və avtomobil nümunələrinin saxlandığı məşhur “Anqar-7”-də keçiriləcək.
İştirakçıların sayı yarışların vüsəti və məşhurluğunu təsdiqləyir. Əgər 2006-cı ildə keçirilmiş birinci çempionatda 45 ölkədən 9500 tələbə iştirak edibsə, üç ildən sonra finalda 85-dən çox tələbə çıxış edib.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycanı dünya finalında Rəhim Şükürov və Tural Əliyev təmsil ediblər.