CƏMİYYƏT
Daşkəsən rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2016-cı ilin fəaliyyət planına əsasən, sentyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev gənclərin milli ruhda tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusu olduğunu diqqətə çatdırıb. O, ordumuzun işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün hər an hazır olduğunu bildirib.
Tədbirdə şəhid ailələrinin və veteranların nümayəndələri, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Sonda Daşkəsən rayonunun müxtəlif məktəblərinin şagirdləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda maraqlı konsert proqramı ilə çıxış ediblər.