CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq videokonfrans keçirilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (FHN) “İdman-kütləvi tədbirlərin keçirildiyi yerlərdə fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və insanların xilas edilməsi” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, videokonfransa Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutu, Belarus Fövqəladə Hallar Nazirliyinin Qomel Mühəndislər, Komandir-Mühəndislər, Yenidənhazırlıq və ixtisasartırma institutları, Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının professor-müəllim heyəti qatılıb.
FHN-in Akademiyasının rəisi, general-mayor Pənah Süleymanovun sədrliyi ilə keçirilən videokonfransda “İlk Avropa Oyunlarına hazırlıq və Oyunların təşkili zamanı təhlükəsizliyin təmin olunması”, “Kütləvi tədbirlərin keçirilməsi zamanı idman qurğularının mühəndis təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi”, “İdman-kütləvi tədbirlərin keçirilməsi zamanı fövqəladə halların xəbərdar edilməsinin xüsusiyyətləri”, “Mobil yanğınsöndürmə bölmələrinin yaradılması ilə idman obyektlərinin yanğın təhlükəsizliyini yüksəltmək” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
İştirakçılar belə videokonfransların səmərəliliyini vurğulayaraq, bu qəbildən olan tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildiriblər.