İDMAN
Güləşçimiz Aleksandr Qostiyev dünya çempionatını beşinci yerdə başa vurub
Bakı, 25 avqust, AZƏRTAC
Parisdə güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 86 kiloqram çəkidə yarışan güləşçimiz Aleksandr Qostiyev ardıcıl olaraq Qırğızıstan və Gürcüstandan olan rəqiblərini üstələsə də, İran idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təmsilçimiz təsəlliverici görüşlərə qatılıb. Bu görüşdə Moldova idmançısını mübarizədən kənarlaşdıran Aleksandr Qostiyev bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici qarşılaşmada idmançımız Rusiya güləşçisinə uduzub və çempionatı beşinci sırada başa vurub.
İlk görüşdə özbəkistanlı Nodirjon Safarovla üz-üzə gələn digər güləşçimiz Mahir Əmiraslanov (57 kq) isə rəqibi ilə qarşılaşmadan məğlub ayrılaraq mübarizəni dayandırıb.
Dünya çempionatının beşinci yarış günündə 57, 61, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb.