CƏMİYYƏT
Məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirləri təşkil olunur
Bakı, 22 may, Xatirə Cəfərova, AZƏRTAC
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının qarşısının alınması istiqamətində gənclərin fəaliyyətinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, mayın 22-də Bakıda layihənin təqdimatı olub.
Tədbirdə İctimai Birliyin sədri Kəmalə Məmmədova layihənin icrası istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Bərdə və Ağdam rayonlarında həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində məişət zorakılığı ilə mübarizə sahəsində ixtisaslaşmış ekspertlərin təcrübəsindən istifadə olunacaq, gənclərin məişət zorakılığı ilə bağlı qanunvericiliklə yaxından tanışlığı təmin ediləcək, həmçinin müxtəlif maarifləndirmə materialları paylanılacaq. Layihə çərçivəsində iştirakçılara məişət zorakılığı baş verildiyində aidiyyəti orqanlara müraciət qaydaları öyrədiləcək, ehtiyacı olanlara hüquqi və psixoloji dəstək göstəriləcək.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə gənclərin maarifləndirilməsinin, onlarda ailə-cəmiyyət məsələlərinə diqqətin artırılmasının vacibliyi vurğulanıb. Çıxış edənlər qanunvericilikdə məişət zorakılığına qarşı nəzərdə tutulan mübarizə formaları barədə danışıb, mövzu ilə əlaqədar təkliflər səsləndiriblər.