CƏMİYYƏT


“Murov qartalı” kitabının təqdimatı olub

A+ A

Bakı, 11 fevral, AZƏRTAC

Bakı Oksford Məktəbində aprel döyüşlərinin qəhrəmanlarından biri – şəhid polkovnik, kəşfiyyatçı komandir Raquf Orucova həsr olunmuş “Murov qartalı” kitabının təqdimatı keçirilib. Mərasimdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, şəhid polkovnikin ailə üzvləri və döyüşçü dostları iştirak ediblər.

Bakı Oksford Məktəbinin şagirdləri mərasim iştirakçılarına ədəb-bədii kompozisiyalar təqdim edib, vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri səsləndiriblər. Daha sonra igid kəşfiyyatçının həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova və Milli Məclisin deputatı Qənirə Paşayeva Raquf Orucovun qəhrəmanlıqları, uğurlu kəşfiyyat əməliyyatları haqqında əvvəllər də eşitdiklərini bildirib, cəbhə bölgəsinə səfərləri zaman isə onunla şəxsən tanış olduqlarını və tez-tez görüşdüklərini xatırlayıblar.

“Raquf Orucov hərbçi taleyini özü seçmişdi. Bəlkə Qarabağda müharibə olmasaydı belə, o, yenə bu peşəyə yiyələnəcəkdi”, - deyə Elmira Süleymanova vurğulayıb.

Qənirə Paşayeva isə Raquf Orucovun istər aprel döyüşlərində, istərsə də digər döyüş və kəşfiyyat əməliyyatlarında göstərdiyi böyük qəhrəmanlıq nümunələri ilə hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi sevgi qazandığını söyləyib: “Onun kimi qəhrəmanlarımız şəhid olsalar da, həmişə qəlbimizdə yaşayacaqlar. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil onların xidmətlərini heç zaman unutmayacaq. Raquf Orucov heç bir təmənna güdmədən, əvəz gözləmədən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün böyük qəhrəmanlıqlar və şücaət göstərib”.

Digər çıxış edənlər də şəhid polkovnik-leytenant Raquf Orucovu hələ sağlığında əfsanələr dolaşan qəhrəman, qorxmaz, cəsur, mərd, vətənpərvər bir zabit kimi xatırlayıblar.

Yenicə çapdan çıxmış “Murov qartalı” kitabı şəhid polkovniklə birgə xidmət etmiş, döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olmuş hərbçi dostlarının, həmçinin ailə üzvlərinin xatirələri əsasında yazılıb. Tanınmış jurnalistlər Elşən Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçiliyi ilə hazırlanan kitab cəsur kəşfiyyatçının xatirəsini əbədiləşdirən nümunə kimi qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.