CƏMİYYƏT
Qəbələ məktəblilərinin iştirakı ilə onlayn təlim keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Bölgələrdə yaşayan uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzinin regional mərkəzləri vasitəsilə onlayn təlimlər keçirilir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, ilk onlayn təlim noyabrın 11-də Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Qəbələdə yerləşən mərkəzinə qoşulması ilə rayonun məktəblərini təmsil edən uşaqların iştirakı ilə keçirilib.
Tədbirdə çıxış edən Komitənin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova təlimin uşaqların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Uşaq problemləri şöbəsinin əməkdaşları Günel Nağdəliyeva və Fərid Ədilov tərəfindən uşaq hüquqları ilə bağlı təqdimat keçirilib. Sonra uşaqlarla onlayn rejimdə aktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.