CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud 20 uşaq Türkiyəyə bərpa müalicəsinə göndərilib
Bakı, 31 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqlardan daha 20 nəfəri valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yola düşən uşaqların valideynləri övladlarının Türkiyədə ixtisaslaşmış bərpa-müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə çıxış edən ƏƏSMN-in əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev artıq 70 nəfər sağlamlıq imkanları məhdud uşağın qardaş ölkəyə bərpa müalicəsinə göndərildiyini diqqətə çatdırıb: “Ümumilikdə ƏƏSMN tərəfindən cari ilin aprel ayından bəri 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu məqsədlə Türkiyəyə yola salınıb. Bu il ərzində nazirlik tərəfindən ötən illə müqayisədə 20 faiz çox şəxsin xaricdə bərpa müalicəsnini təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyinin təsdiqidir”.
S.Abdullayev bildirib ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa müalicə kursu keçirlər: “Həmin müəssisədə Dənizli bölgəsinin təbii müalicəvi resurslarından və innovativ texnologiyalardan geniş istifadə olunmaqla əlilliyi olan şəxslərin reabilitasiyası, çətin sağalan ayrı-ayrı xəstəliklərin müalicəsi istiqamətində səmərəli tibbi-fizioterapevtik üsullar tətbiq olunur. İndiyədək Nobel Tibb Mərkəzinə göndərdiyimiz əlilliyi olan şəxslər mərkəzdə aparılan müalicə kursundan, göstərilən xidmətdən razı qaldıqlarını bizə bildirirlər”.
Uşaqların və valideynlərinin orada 5 ulduz oteldə yerləşdirildiklərini qeyd edən S.Abdullayev həmin şəxslərin orada müvafiq xidmətlərlə təmin olunmasına nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün nazirliyin bir nəfər həkiminin də Türkiyəyə ezam edildiyini bildirib. O deyib ki, ƏƏSMN-in Bakıda və bölgələrdəki müəssisələrində də bərpa müalicə işləri aparılır. Bu müəssisələrdə cari ilin ilk yarısında 3 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Hazırda həmin müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparılmaqla müasir tələblərə uyğun şərait yaradılır. Təmir işlərindən sonra bu müəssisələrdə qabaqcıl dünya təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün də lazımi şərait təmin ediləcək”.