CƏMİYYƏT
Səbail rayon gənclərinin bayram tədbiri VİDEO
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Gülüstan Sarayında Səbail rayon gənclərinin 2 Fevral - Gənclər Gününə həsr olunan bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyətindən asılıdır. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil ölkəmizdə Gənclər Forumu keçirildi və ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri günü elan edildi.
Bildirilib ki, gələcək nəslə böyük qayğı göstərən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm işlər görülür. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiqi, Gənclər Fondunun yaradılması, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Qeyd olunub ki, Səbail rayon əhalisinin təqribən 26,6 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində böyük işlər görülüb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrdə fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.