CƏMİYYƏT
Tbilisidə yaşayan həmvətənlərimiz Bakıda baş vermiş faciədə həlak olanların xatirəsini yad ediblər
Tbilisi, 22 may, AZƏRTAC
Mayın 22-də Gürcüstanda yaşayan bir qrup azərbaycanlı Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini yad edib və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi binasının divarları önünə çiçəklər düzüblər.
Faciə qurbanlarının xatirəsini yad edənlər arasında gürcülərlə yanaşı, Ukrayna, Litva və Rusiyadan gələn qonaqlar da olub. Onlar Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanlılarla yanaşı, Ukraynadan olan Valentina Tereşyuk, litvalı Andri Yanuskas və başqaları dəhşətli faciə nəticəsində həlak olanların və zərərçəkənlərin ailələrinə başsağlığı verib, bu acını paylaşdıqlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi