RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “PEYK” ZAVODUNUN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Müdafiə Sənayesi Nazirliyinin Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri İstehsalat Birliyinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Peyk” zavodunun açılış mərasimində iştirak etmişdir.
Ulu öndər Heydər Əliyev Bakıda bu cür istehsal sahələrinin yaradılmasına böyük diqqət yetirirdi. Hələ SSRİ vaxtında tikintisinə başlanmış zavod 1993-cü ilin sentyabrında istifadəyə verilmiş, ümummilli lider onun açılışında iştirak etmişdi.
2006-cı ilin martından zavod Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. Ötən müddətdə dövlətimizin başçısının tapşırığına əsasən dünyanın aparıcı şirkətlərinin yaxından iştirakı ilə tamamilə yenidən qurulmuş müəssisə hərbi və mülki təyinatlı məhsul – çap lövhələri buraxır. İllik gücü 80 min kvadratmetr olan zavodda bütün istehsal prosesi avtomatlaşdırılmışdır. Müəssisəyə xammal Belçika, Hollandiya və başqa ölkələrdən gətirilir.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdi. Sonra dövlətimizin başçısı müəssisənin yenidənqurmadan əvvəlki və indiki vəziyyətini və ulu öndərin 1993-cü ildə müəssisənin açılışında iştirakını əks etdirən fotoguşəyə və qısa filmə baxdı.
Prezident İlham Əliyev zavodun rəmzi açılışını bildirən lenti kəsdi, istehsal prosesi ilə tanış oldu.
Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verərək dedi ki, zavodda ABŞ, Almaniya, Fransa, İtaliya və digər ölkələrdən alınmış və ən son elmi-texniki nailiyyətlər əsasında yaradılmış avadanlıq quraşdırılmışdır. Artıq Hollandiya, Türkiyə, İsrail, İsveç və başqa ölkələrdən sifarişlər daxil olmuşdur. Məhsullar yüksək keyfiyyətli olduğundan sifarişlər artır. Ayda 20-30 min kvadratmetr çap lövhəsi istehsal ediləcəkdir. Hazırda dünyada ildə 500 milyard dollarlıq çap lövhəsi hazırlanır, bunun təqribən 75 faizi Şərqi Asiya ölkələrinin payına düşür. Tələbat isə hər il orta hesabla 10 faiz artır. Rəqabətə davamlı məhsul istehsal etməyi qarşısına məqsəd qoyan müəssisə dünya, o cümlədən Avropa bazarında layiqli yerini tutmaq əzmindədir. Hazırda zavodda 100 nəfər çalışır, 2008-ci ildə işçilərin sayını 250 nəfərə çatdırmaq nəzərdə tutulmuşdur.
Zavodla yaxından tanış olan Prezident İlham Əliyev qeyri-neft sektorunu köklü şəkildə inkişaf etdirməyi prioritet məqsəd kimi qarşıya qoyan Azərbaycanda müasir texnologiyaların tətbiq olunduğu müəssisələrin yaradılması üçün tədbirlərin daha da genişləndiriləcəyini bildirdi. Dövlətimizin başçısı dedi: Əgər biz Müdafiə Sənayesi Nazirliyini yaratmasaydıq, bu zavod da olmayacaqdı. Bu, həm də dünyadakı yüksək texnologiya və istehsalatdır. Biz buna doğru gedirik, iqtisadiyyatımızı bu istiqamətdə inkişaf etdiririk. Əlbəttə, bu, həm də yeni iş yeridir. Müəssisə gəlirlə işləyəcək, vəsaitləri yeni istehsal sahələrinə qoyacaqsınız. Eyni zamanda, dövlət tərəfindən də vəsait ayrılır. Burada intellektual məhsul istehsal edilir. Bu, çox vacibdir.
Bəzi hallarda Azərbaycanda istehsal olunan məhsullar alınmır, xaricdən gətirirlər. Burada isə yüksək keyfiyyətə, texnologiyaya malik məhsul istehsal olunur. Bütün yerli qurumlar buradan almalıdır. Əlbəttə, siz də təbliğat, reklam işi təşkil edin, hamı bilsin ki, Azərbaycanda nələr istehsal olunur.
YAVƏR CAMALOV: Cənab Prezident, bütün kollektivimiz adından Sizə minnətdarlığımı bildirirəm ki, bizi dəstəklədiniz, belə şərait yaratdınız və bu zavodu bərpa etdik. Bu, bilavasitə Sizin sayənizdə mümkün olmuşdur.
İLHAM ƏLİYEV: Bu, sizin bərpa etdiyiniz birinci zavod deyil.
YAVƏR CAMALOV: Bəli, dörd zavod bərpa etmişik. İnşallah, hər biri ilə tanış olacaqsınız.
İLHAM ƏLİYEV: 2008-2009-cu illərdə bu sahəyə böyük investisiyalar qoyulacaqdır. Azərbaycanda həm müdafiə sənayesi, həm də belə yüksək texnoloji prinsiplərə əsaslanmış müəssisələr yaradılmalıdır. Bu, gələcək üçündür. İndi bizim yaxşı imkanlarımız var, təbii sərvətlərimiz var, sənaye istehsalı var. Amma bu müəssisə məni xüsusilə sevindirir, yüksək texnologiyaya əsaslanan intellektual istehsalatdır və Azərbaycanı gələcəyə aparan yoldur. Sizə bu işdə uğurlar arzulayıram. Mən heç təsəvvür etmirdim ki, bu qısa müddət ərzində yüksək dünya standartlarına uyğun belə gözəl sənaye obyekti yaradılacaqdır. Artıq sizin istehsal etdiyiniz məhsula Avropada maraq var. Bölgədə, MDB məkanında bu zavodun analoqu yoxdur. Çox sevindirici haldır. Sizə uğurlar arzulayıram. Sağ olun.