İQTİSADİYYAT
Azərbaycan xaricə 3 milyon manatdan çox sığorta xidməti ixrac edib
Bakı, 2 may, AZƏRTAC
Bu ilin 4 ayı ərzində Gürcüstan və Qazaxıstanda satılan Yaşıl Kartlar üzrə yerli sığorta şirkətləri 3 milyon 100 min manatdan artıq sığorta haqqı əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə media nümayəndələri üçün təşkil etdiyi təlimdə deyib.
O bildirib ki, bu məbləğ Azərbaycanda keçən il satılan Yaşıl Kart sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının illik həcminə yaxındır. İlin sonunadək ixracat həcminin 10 milyon manatı keçəcəyi gözlənilir.
R.Əhmədov “İcbari Sığorta Bürosunun fəaliyyət istiqamətləri və sığorta sahəsinin inkişafında icbari sığorta növlərinin rolu və əhəmiyyəti” adlı təlimdə Azərbaycanın sığorta bazarı, sığorta münasibətləri və prinsipləri, eləcə də İSB-nin təməl missiyaları barədə media nümayəndələrinə məlumat verilib, eyni zamanda, Azərbaycanın Milli Yaşıl Kart Bürosunun fəaliyyət istiqamətləri və İSB -nin Milli Yaşıl Kart Bürosu kimi uğurlarından bəhs olunub. Bildirilib ki, İSB 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. 2022-ci ildə, həmçinin Azərbaycan və Türkiyə Yaşıl Kart sığorta sistemlərinə inteqrasiya olunub. Büronun təşəbbüsü ilə həyata keçirilmiş inteqrasiya dünyada ilk belə təcrübə olmaqla, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədləri keçmənin qarşısını alır. Bununla yanaşı Beynəlxalq Bürolar Şurasının 2022-ci il 21 sentyabr tarixli qərarı ilə Azərbaycan Milli Yaşıl Kart Bürosu Gürcüstan və Qazaxıstanda Yaşıl Kart satmaq hüququ əldə edib. Razılığa əsasən bu il yanvarın 1-dən etibarən Yaşıl Kart sığorta şəhadətnamələri bu ölkələrin nəqliyyat vasitələrinə Azərbaycan sığortaçıları tərəfindən satılır.
Media nümayəndələrinə hazırda İSB tərəfindən həyata keçirilən layihələr barədə də məlumat verib. Bildirilib ki, qurumlarla həyata keçiriləcək inteqrasiyalar vasitəsilə icbari sığorta növləri ilə bağlı daha yüksək penetrasiyaya nail olunacaq və 2023-cu ilin sonunadək kağız daşıyıcıda olan şəhadətnamələrin ləğvi prosesi tam yekunlaşacaq. Sığorta savadlılığının artırılması işləri bundan sonra da davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcək.
Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.