CƏMİYYƏT
Bakıda qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxan 275 nəfər barəsində müvafiq tədbirlər görülüb
Bakı, 4 may, AZƏRTAC
Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə olunur.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu cür halların yolverilməzliyi baxımından mayın 3-də - həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib. Təkcə Bakı şəhərində bu növ pozuntulara yol verən 275 nəfər saxlanılıb. Onların hər biri barəsində qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görülüb.
Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsdən ciddi səbəb olmadan evdən çıxmamaları tövsiyə edilir.