ELM VƏ TƏHSİL
Biləsuvarlı gənclər “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində
Bakı, 29 mart, AZƏRTAC
Biləsuvarda “Qorqud” Vikipediya Metodik Klubunun təlimləri davam edir. Təlimlərdə iştirak edən könüllülər yeni məqalələrin yaradılmasında fəaliyyətlərini uğurla davam etdirirlər.
Bu barədə AZƏRTAC-a “Viki” qrupun üzvü, məqalələrin yaradılmasında fəal iştirak edən Fidan Orucova məlumat verib. O bildirib ki, son aylarda könüllülər torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz, həmçinin mədəniyyət, təhsil və siyasət sahəsində fəaliyyət göstərən şəxslər haqqında onlarla məqalə yaradıb və redaktə ediblər.
“Vikipediya”da məqalə yaratmaq və ya yaradılmış məqalələri redaktə etmək faydalı, eyni zamanda, məsuliyyətli işdir. Artıq bir neçə aydır bu istiqamətdə fəaliyyətimi davam etdirirəm. Əsas fəaliyyət istiqamətim şəhidlərimiz, həmçinin ölkəmizdə təhsil, mədəniyyət, incəsənət və digər sahələrə töhfələr vermiş şəxslər haqqında məqalələr yaratmaqdır. Hazırda 44 günlük Vətən müharibəsində həlak olmuş hərbiçilər və könüllü iştirakçılar haqqında məqalələr yaradılması üzrə işləyirəm. İndiyədək 100-ə yaxın şəhid haqqında məqalə yaratmışam və redaktə etmişəm. Məqalələrin yaradılmasında göstərdiyi dəstəyə görə “Qorqud” Vikipediya Metodik Klubunun təlimçilərinə təşəkkürümüzü bildiririk ”, - deyə F.Orucova vurğulayıb.
Qeyd edək ki, Biləsuvar rayonunda “Viki” könüllülər qrupu Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü ilə yaradılıb. Qrupun koordinatoru isə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnur Hüseynlidir. “Qorqud” Vikipediya Metodik Klubu isə Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb. Hazırda hər iki könüllü qrup arasında əməkdaşlıq davam edir. Yaxın gələcəkdə yeni layihələr üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.