CƏMİYYƏT
“Caspian European Club”un üzvləri DOST Agentliyində olublar
Bakı, 30 yanvar, AZƏRTAC
“Caspian European Club”un üzvləri biznes-tur çərçivəsində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) olublar. Biznes-tur iştirakçılarına interaktiv formatda DOST-un fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Club üzvlərinin DOST rəhbərliyi ilə görüşü təşkil olunub və biznes-tur iştirakçılarını maraqlandıran suallara cavab verilib. Tərəflər əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
Bu barədə AZƏRTAC-a “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verərək deyib ki, onlar ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq biznes-turlar təşkil edirlər.
“Caspian European Club” üzvləri erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə, “Debet Safety” şirkətinin fabrikinə, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə, Qida Təhlükəsizliyi İnstitutuna və digər ünvanlara təşkil edilən biznes-turlarda olublar.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatları birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un qərargahı Bakıda yerləşir. “Caspian European Club”un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada isə səlahiyyətli nümayəndələri var.