DÜNYA
Fizika professoru Tomas Parnellin 1927-ci ildə başladığı sınaq 85 ildir ki, davam etdirilir
Bakı, 16 may (AZƏRTAC). Avstraliyadakı Kuinslend Universitetinin fizika professoru Tomas Parnellin 1927-ci ildə başladığı sınaq 85 ildir ki, davam etdirilir.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, Parnell sınağın və eksperimentin nəticələrini görmədən vəfat etmişdir. İndi eksperimenti 77 yaşlı fizika professoru Con Meynstoun davam etdirir.
Eksperimentin məqsədi qatı maddələrin də axıcı xüsusiyyətlərə malik olduqlarını sübut etməkdir.
Otaq temperaturunda aparılan eksperimentdə çəkiclə qırıla biləcək qədər qatı qətran və kömürdən istifadə olunur. Şüşə kolbadakı kömür və qətran yuxarı bölməyə doldurulmuşdur. Sonra isə qatı, daş kimi maddənin aşağı süzülməsi müşahidə olunmağa başlamışdır.
1927-ci ildə başlanmış eksperiment davam etdirilmiş və ilk damla 1938-ci ildə düşmüşdür. Sonrakı damlalar 1947, 1954, 1962, 1970, 1988 və 2000-ci illərdə düşmüşdür.
Növbəti damlaların 2013-cü ildə düşəcəyi gözlənilən eksperimentin daha 100 il davam edəcəyi vurğulanmışdır.