CƏMİYYƏT
“Məşğulluq” altsistemi vasitəsilə vətəndaşlar müvafiq vakansiyalar üzrə iş tapa bilirlər
Bakı, 30 yanvar, AZƏRTAC
Çox vaxt vətəndaşlar peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər. Həmin problemlə daha çox gənclər üzləşirlər. Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi vasitəsilə vətəndaşlar müvafiq vakansiyalar üzrə iş tapa bilərlər. Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradır. Altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar yer alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı AZƏRTAC-a deyib: ”Qeydiyyatdan keçmək üçün vətəndaş “e-sosial” və yaxud “e.gov.az” portalından istifadə etməlidir. Burada “ASAN imza” və yaxud elektron imzadan istifadə etməklə altsistemə daxil ola və şəxsiyyət vəsiqəsindəki fin kodu yazmaqla özünə şəxsi kabinet formalaşdıra bilər. Bundan sonra vətəndaşın bütün məlumatları həmin kabinetdə öz əksini tapacaq. İşsiz və işaxtaran vətəndaş “Məşğulluq” altsistemində yaradılan “vakansiya bankı”nda boş iş yerlərinin siyahısı ilə tanış ola bilər. Həmin vakansiyalar işəgötürülənlər tərəfindən daim yenilənir”.
Onun dediyinə görə, vakansiyalar müxtəlif peşə və ixtisaslar üzrə kateqoriyalara bölünür. Beş iş günü müddətində vətəndaşa işə götürülüb-götürülməyəcəyi barədə əsaslandırılmış şəkildə bildiriş göndərilir. Hər gün təqribən 17-18 min vakansiya olur. Bununla yanaşı işsiz və işaxtaran vətəndaşlar Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət etməklə də mövcud vakansiyalarla tanış ola bilərlər.
“Məşğulluq” altsistemi işəgötürənlərə bir sıra üstünlüklər və seçim imkanı qazandırır. Belə ki, onlar altsistem vasitəsilə vaxt itirmədən təqdim etdikləri vakant iş yerinə uyğun namizədi tapa bilirlər.