REGİONLAR
“Milli-mənəvi dəyərlərin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” – GDU-da tədbir
Gəncə, 22 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Heydər Əliyev İli” çərçivəsində “Milli-mənəvi dəyərlərin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən rektorun baş müşaviri Asif Cavadov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxışında Azərbaycan xalqının çoxəsrlik milli dəyərlərinin qorunub yaşadılmasının, müasir milli müstəvidə inkişaf etdirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu. Ümummilli Lider dövlət quruculuğu prosesi ilə yanaşı, milli-tarixi yaddaşın bərpası işlərinə də başladı. Vaxtilə qadağalara məruz qalan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Həmçinin Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin, habelə milli-mənəvi dəyərlərin inkişafına göstərdiyi qayğı və diqqət sayəsində mümkün oldu”.
Digər çıxış edənlər də bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin inkişafına və təbliğinə böyük dəstək verir. Milli bayramların, tarixi günlərin yüksək səviyyədə qeyd olunması və Azərbaycan mədəni irsinin beynəlxalq təşkilatlarda tanıdılması bu qəbildəndir.