ELM VƏ TƏHSİL
“Qabdulla Tukay və Azərbaycan” kitabı işıq üzü görüb
Bakı, 30 aprel, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qabdulla Tukay və Azərbaycan” kitabı Azərbaycan və rus dillərində nəşr edilib. Kitabın müəllifləri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıdır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda tatar ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair, publisist, tərcüməçi, ictimai xadim Qabdulla Tukayın (1886-1913) Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edilir.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru Rusiya Federasiyası Tatarıstan Respublikası Elmlər Akademiyasının (EA) akademiki, filologiya elmləri doktoru, professor Daniya Zahidullina, rəyçiləri Tatarıstan Respublikası EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kim Minnullin və filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Nəşrə məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.