ELM VƏ TƏHSİL
“Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” müsabiqəsi elan olunub
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Həmkarlar İttifaqı Komitəsi və Regionşünaslıq kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” adlı esse müsabiqəsi elan olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, arzu edənlər Heydər Əliyevin siyasi irsinin, müəyyən etdiyi daxili və xarici siyasət xəttinin II Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında oynadığı rol istiqamətində orijinal, əvvəl yazılanları təkrar etmədən, yeni fikirlər ifadə edən esselər yazmalıdırlar. Esselər Times New Roman şrift, 1,15 interval, 12 şrift, səhifənin ölçüləri: hər tərəfdən 2 sm olmaqla, A4 formatda tərtib edilməli, yuxarı sağ küncdə tələbənin adı, qrupu, elektron ünvanı, elmi rəhbərin adı, ortada essenin adı olmalıdır. Esselərin həcmi 2 səhifədən çox olmamalıdır. İstifadə edilən ədəbiyyatın siyahısı, əlifba sırası ilə müəllifinin soyadı, adının baş hərfi, ədəbiyyatın adı, nəşr edildiyi yer, il, nəşriyyatın adı, ümumi səhifə sayı göstərilməlidir. Esselər Azərbaycan, rus, ingilis və ya tələbənin ixtisas dilində yazıla bilər.
Qiymətləndirmə meyarları:
- Mövzu orijinal olmalı;
- Ədəbiyyatlar elmi və nüfuzlu mənbələrdən olmalıdır;
- Giriş və dərin təhlil olmalı;
- Şəxsi qiymətləndirmə, təkliflər olmalı;
- Konkret elmi nəticə ilə yekunlaşmalıdır.
Müsabiqənin nəticələri və mükafatlandırılma may ayının sonunda elan ediləcək.
Esselər elektron olaraq (konfrans tezisi ilə səhv salınmaması üçün məktubda esse olması vurğulanmaqla) [email protected] ünvanına mayın 7-dək göndərilməlidir.