CƏMİYYƏT
Sabirabadda sakinlərə tibbi maskalar paylanılıb
Bakı, 10 may, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq rayonda qabaqlayıcı tədbirlər görülür, sakinlərə tətbiq edilən xüsusi sanitar rejiminin qaydaları çatdırılır.
Həmçinin şöbə əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.
Sakinlərə tibbi maska paylayan Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə ediblər.