REGİONLAR
Tovuzda inşa edilən tunel gələn il istifadəyə veriləcək VİDEO
Tovuz, 14 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Ötən ildən başlayaraq Tovuzda yeni avtomobil tuneli və piyada keçidi inşa edilir. Buna qədər əvvəllər də uzun müddət istifadə edilən tunel olsa da, artıq o, istifadəyə yararsız idi. Bütün bunları nəzərə alaraq köhnə tunelin yerində daha müasiri inşa edilməkdədir.
AZƏRTAC xəbər verir ki, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərindən keçən hissəsində inşa olunan yeni avtomobil tuneli gələn il istifadəyə veriləcək. Köhnə tunel yararsız və ensiz olduğundan nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradır, piyadalar isə ondan ümumiyyətlə istifadə edə bilmirdilər. Vətəndaşlar məcbur qalıb ya tunelin, ya da dəmir yolu xəttinin üzərindən keçməli olurdular. Bu da qəzalara və bir sıra digər xoşagəlməz hallara səbəb olurdu. Artıq bu kimi problemlər geridə qalmaqdadır. Yeni tunel bu problemləri aradan qaldıracaq.
Rövşən Məmmədov küçəsində inşa edilən yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr, açıq hissəsi ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Qapalı hissəsinin eninin 11 metr olması nəzərdə tutulub. Avtomobil tuneli iki hərəkət zolağından ibarət olacaq. Ötən ilin yazından başlanan tikinti işləri davam etməkdədir.
Rayon sakinləri də yeni tunelin istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər. Şəhər sakini İlqar Qasımov deyir ki, bu tunel onlar üçün çox əhəmiyyətlidir. Gediş-gəlişi asanlaşdırır, məsafəni qısaldır. “Tikinti işləri davam edir. Çox gözəl bir tunel alınacaq”, - deyə İ.Qasımov bildirib.
Əvvəlki tuneldən sürücü kimi tez-tez istifadə edən rayon sakini Məmməd Ələkbərov isə deyir ki, o tunel çox dar idi, keçəndə narahatlıq yaradırdı. “Köhnə tuneldən iki maşın yan-yana çətinliklə keçirdi. İndi geniş tunel tikilir”, - deyə M.Ələkbərov əlavə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirirlər ki, tikinti işləri qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. “Yeni tunel istifadəyə verildikdən sonra qabaritindən asılı olmayaraq, bütün avtonəqliyyat vasitələri buradan istifadə edə biləcək. Yeni inşa ediləcək piyada səkiləri vasitəsilə isə vətəndaşlarımız rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən yollarına davam edə biləcəklər”, - deyə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.
Qeyd edək ki, avtomobil tunelinin və piyada keçidinin gələn il istifadəyə veriləcəyi gözlənilir.