DÜNYA
Ukraynanın Müdafiə naziri hərbi siyasətinin prioritetlərini açıqlayıb
Kiyev, 10 sentyabr, AZƏRTAC
Ukraynanın Müdafiə naziri Andrey Zaqorodnyuk Ukrayna Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin İslahatlar Komitəsinin yüksək səviyyəli strateji müşavirləri ilə görüşüb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazir görüşdə Ukraynanın hərbi siyasətinin prioritetlərini səsləndirib.
Andrey Zaqorodnyuk deyib: “Mən daim Ukrayna Prezidenti ilə görüşürəm, bu yaxınlarda Baş Nazirlə görüşmüşəm. Biz görüşlərdə Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi üçün vacib addımları müzakirə edirik. Bundan əlavə, parlament bizi tam dəstəkləyir. O, indi bizim təşəbbüslərimizi qanunvericilik səviyyəsində dəstəkləməyə hazırdır”. Nazirin fikrincə, Ukraynanın strateji dövlət prioritetləri dəyişməz qalır: bunlar Avropaya və Avratlantik məkana inteqrasiyadır. Dövlətin hərbi siyasəti məhz bu baza prinsiplərinə əsaslanacaq.
Müdafiə naziri qeyd edib ki, rütbələrindən asılı olmayaraq bütün hərbi qulluqçular, onların həyatı və onlara hörmət onun üçün əsas prioritetdir NATO standartları və onların bütün sahələrə yeridilməsi növbəti prioritetdir. Orduda korrupsiyaya sıfır tolerantlıq daha bir mühüm prioritetdir.