REGİONLAR
Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur
Balakən, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 22-də Akademik Z.Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycan Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndinin icrası ilə əlaqədar keçirilən “Uşaqlara qarşı zorakılığa YOX deyək!” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, prokurorluğun, polis şöbəsinin, Gənclər Evi sosial xidmət müəssisənin əməkdaşları və yuxarı sinif şagirdləri iştirak ediblər. Rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” və bu plana əsasən qarşıda duran əsas vəzifələr barədə məlumat verib.
Komissiyanın məsləhətçi-psixoloqu Arzu Əliyeva çıxışında bildirib ki, zorakılığa məruz qalan uşaqlarda dərslərində geriləmə, fokuslana bilməmə, ünsiyyət problemləri yaşanır. Qruplararası münasibətlərdə bu, uşaqlarda öz potensial bacarıqlarını ortaya qoya bilməmə probleminə səbəb olur.
Rayon prokurorluğunun əməkdaşı Kənan Əlişzadə, Polis şöbəsinın nümayəndəsi Sahil Bayramov, rayon Gənclər Evi sosial xidmət müəssisənin əməkdaşı Fuad Mikayılov çıxışlarında vurğulayıblar ki, zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir.
Tədbirdə, həmçinin uşaqlara qarşı zorakılıq yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə, cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.