DÜNYA
“Sarika” qasırğası: Çinin Xaynan əyalətində 13700 nəfər təxliyə olunub VİDEO
Bakı, 18 oktyabr, AZƏRTAC
“Sarika” qasırğası bu gün səhər Çinin Xaynan ada əyalətinin cənub sahillərinə yetişib. Küləyin sürəti saatda 162 kilometrə çatır.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakətin ilk zərbəsi Xale və Vannin şəhərlərinə dəyib. Bu şəhərlərdəki təhlükəli ərazilərdən 13700 yerli əhali təxliyə olunub. Xaykou şəhərindəki “Meylan” aeroportunda qasırğa səbəbindən 250 aviareys təxirə salınıb. Bundan başqa, Xaynan adası ətrafında gəmilərin, habelə sürət qatarlarının hərəkəti dayandırılıb. Əyalətin 8 qəzasında bütün məktəblər və turizm obyektləri bağlanıb.
Xatırladaq ki, Çin hökuməti “Sarika” qasırğasının yaxınlaşması səbəbindən “qırmızı dalğa” və “sarı” təhlükə səviyyəsi elan edib. Təbii fəlakətin təsir dairəsinə düşə biləcək rayonların əhalisinə azı 1-3 günlük ərzaq ehtiyatı toplamaq tövsiyə olunub. Meteoroloji xidmətin məlumatına görə, leysan yağışları 3-5 gün davam edə bilər.