Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haqqımızda

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici media resursları üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra AZƏRTAC-ın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndər 1996-cı ilin iyununda AZƏRTAC-ın işinin yaxşılaşdırılması haqqında Sərəncam, 2000-ci ilin yanvarında isə agentliyin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərman imzalamışdır.

Müasir dövrdə də agentliyin fəaliyyətinə dövlət dəstəyi davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 26 fevral tarixi Sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb. 2016-cı il noyabrın 24-də "Dövlət orqanı" hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)" publik hüquqi şəxs yaradılıb. 2017-ci ilin dekabrında isə publik hüquqi şəxs olaraq AZƏRTAC-ın Nizamnaməsi təsdiqlənib.

AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır. Ondan çox beynəlxalq və regional təşkilatın və informasiya platformasının üzvü olan, 20-dən çox ölkədə müxbir məntəqəsi fəaliyyət göstərən agentlik son illərdə beynəlxalq əlaqələrini də genişləndirib. Belə ki, AZƏRTAC 50-dən artıq xarici ölkənin xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparır.

AZƏRTAC-ın videosaytı və Uşaq Bilik Portalı fəaliyyət göstərir. AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından beş dildə videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentlik “Azərbaycanın istedadları”, “Mən turist olsaydım”, “Azərbaycan muzeylərinin nadir eksponatları” və bir sıra digər layihələr həyata keçirir, yeni layihələr üzərində iş aparılır.

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC
AZ1124, Bakı, Ağasadıq Gəraybəyli küçəsi, 63

İdarə Heyətinin sədri - Vüqar Əliyev


E-mail:
[email protected]
[email protected]

URL:
http://www.azertag.az/
http://www.azertag.gov.az/
http://www.video.azertag.az/
http://www.photo.azertag.az/
http://www.portal.azertag.az/

Tel.:
(+994 12) 498-60-17
(+994 12) 498-60-07