Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq fəaliyyət

1920-ci il martın 1-də fəaliyyətə başlayan AZƏRTAC Azərbaycanın ilk, dünyanın ən qocaman informasiya agentliklərindən biridir. Agentlik son 20 ildə beynəlxalq fəaliyyətini gücləndirərək geniş xarici müxbir şəbəkəsi qurub və dünyanın aparıcı media strukturları ilə tərəfdaşlıq münasibətləri yaradıb. Bu göstəricilərə görə Azərbaycanda lider mövqeyində, Avrasiyada isə nüfuzlu agentliklər sırasında duran AZƏRTAC xəbərlərini 5 qitədə yayır. AZƏRTAC hazırda 49 informasiya agentliyi ilə rəsmi tərəfdaşlıq edir, 11 beynəlxalq informasiya platformasının üzvü olmaqla bir neçəsinin rəhbər qurumunda təmsil olunur. Agentliyin 21 ölkədə 22 müxbir məntəqəsi fəaliyyət göstərir.

AZƏRTAC-ın qlobal tərəfdaşları

AZƏRTAC dünya üzrə 49 informasiya agentliyi və media qurumu ilə rəsmi tərəfdaşlıq əlaqələrinə malikdir.

Adnkronos

(İtaliya)

AGİ

(İtaliya)

AGERPRESS

(Rumıniya)

ANSA

(İtaliya)

Antara

(İndoneziya)

ATA

(Albaniya)

Belta

(Belarus)

BNA

(Bəhreyn)

Bernama

(Malayziya)

BTA

(Bolqarıstan)

BuaNews

(Cənubi Afrika Respublikası)

EFE

(İspaniya)

ELTA

(Litva)

FENA

(Bosniya və Herseqovina)

İP ALTA

(Paraqvay)

İRNA

(İran)

JiJi Press

(Yaponiya)

Kabar

(Qırğızıstan)

Kazinform

(Qazaxıstan)

KUNA

(Küveyt)

Kyodo

(Yaponiya)

LETA

(Latviya)

MENA

(Misir)

Moldpress

(Moldova)

MONTSAME

(Monqolustan)

MTİ

(Macarıstan)

PAP

(Polşa)

PETRA

(İordaniya)

PNA

(Filippin)

QNA

(Qətər)

Sinxua

(Çin)

SPA

(Səudiyyə Ərəbistanı)

STA

(Sloveniya)

Tanjug

(Serbiya)

TASS

(Rusiya)

Tazpit

(İsrail)

TDH

(Türkmənistan)

TELAM

(Argentina)

TQF

(Türkiyə)

Ukrinform

(Ukrayna)

VNA

(Vyetnam)

WAFA

(Fələstin)

WAM

(Birləşmiş Ərəb Əmirlikləri)

Xovar

(Tacikistan)

Yonhap

(Koreya Respublikası)

Beynəlxalq təşkilatlarda fəaliyyət

AZƏRTAC 11 beynəlxalq və regional təşkilatın və informasiya platformasının üzvüdür.

Dünya Xəbər Agentlikləri Konqresi - NAWC

Xəbər Agentliklərinin Birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə Moskva şəhərində təsis edilib. Həmin il sentyabrın 24-25-də TASS agentliyinin 100 illiyi ilə əlaqədar Dünya Xəbər Agentliklərinin Birinci Konqresi keçirilib. İndiyədək 6 konqres keçirilib: Rusiya, İspaniya, Argentina, Səudiyyə Ərəbistanı, Azərbaycan və Bolqarıstan.
2013-cü ilin noyabrın 17-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş 4-cü Konqresdə növbəti nüfuzlu xəbər agentliklərinin gizli səsverməsi ilə AZƏRTAC-ın sədr seçilməsi və 5-ci Konqresin Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Konqres 2016-cı il noyabrın 16-17-də Bakıda keçirilib və AZƏRTAC 2016-2019-cu illərdə bu təşkilata sədrlik edib. Konqresdə 5 qitəni, 80 ölkəni və dünyanın 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən 200 qonaq medianın aktual problemlərini müzakirə edib. Prezident İlham Əliyev Konqresdə iştirak edərək nitq söyləyib və iştirakçıların bir qrupunu qəbul edib.

Dünya Xəbər Agentlikləri Şurası - NACO

Dünya Konqresinin əsas orqanı Dünya Xəbər Agentlikləri Şurasıdır. AZƏRTAC 2013-cü ildən Şuranın üzvüdür.
Şura növbəti konqresi qəbul edəcək tərəflə birlikdə Konqresin proqramını və formatını hazırlamağa cavabdehdir. AZƏRTAC-ın Konqresə sədrliyi dövründə qurumun Əsasnaməsinə dəyişikliklər edilib, Şuranın prezidenti və vitse-prezidenti vəzifələri yaradılıb. Şuranın konqreslər arasındakı müddətdə hər il ən azı iki müşavirə keçirir. AZƏRTAC Şurada səsvermə hüququ olan 15 agentlikdən biridir.
Şura üzvləri: Associated Press, Reuters, PA Media Group (B.Britaniya), AZƏRTAC, EFE (İspaniya), TASS (Rusiya), SPA (S.Ərəbistanı), TELAM (Argentina), BTA (Bolqarıstan), MAP (Mərakeş), Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Asiya-Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Latın Amerikası Xəbər Agentlikləri Birliyi (ULAN) və MDB Ölkələri Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA).

Avropa Xəbər Agentlikləri Alyansı - EANA

Avropa Xəbər Agentlikləri Alyansı - EANA 1956-cı il avqustun 21-də Strasburqda yeni media texnologiyalarına həsr edilmiş konfransda təsis olunub. Alyans 1924-cü ildə yaradılmış və İkinci Dünya müharibəsinə qədər mövcud olmuş Agentliklər Birliyinin davamçısıdır. EANA-nın təsisçiləri Qərbi Avropa ölkələrinin informasiya agentlikləri, Türkiyənin Anadolu və Yuqoslaviyanın Tanyuq agentliyidir. Hazırda təşkilatın otuzdan artıq üzvü var.
AZƏRTAC 2008-ci il aprelin 18-də EANA-ya üzv seçilib. AZƏRTAC bu təşkilatın işində fəal iştirak edir. Məhz AZƏRTAC-ın təşəbbüsü ilə EANA və OANA rəhbərləri ilk dəfə OANA-nın İcraiyyə Komitəsinin 2008-ci il sentyabrın 1-dən 4-dək Bakıda keçirilən 30-cu iclasında bir yerə toplaşmışdı.
EANA-nın veb-resursu: https://newsalliance.org

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı - OANA

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədi ilə yaradılıb. OANA-nın üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir.
Hazırda OANA-da 35 ölkənin qırxdan çox informasiya agentliyi birləşir.
AZƏRTAC 2004-cü ilin sentyabrında OANA-ya üzv seçilib. AZƏRTAC-ın xəbərləri, video və fotoları OANA-nın xəbər platformasında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər agentliklər də istifadə edir. 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AZƏRTAC bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin Büro üzvü seçilib. AZƏRTAC bir-birinin ardınca üç dəfə Büro üzvü seçilib.
2013-cü ilin sentyabrında Moskvada keçirilmiş 15-ci Baş Assambleyada AZƏRTAC təşkilatın vitse-prezidenti seçilib, gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə təşkilata AZƏRTAC-ın sədrlik etməsi və növbəti Baş Assambleyanın 2016-cı ildə Azərbaycanda keçirilməsi qərarı qəbul olunub. AZƏRTAC 2016-2019-cu illərdə təşkilata sədrlik edib. 2019-cu il noyabrın 8-də sədrliyi Koreya Respublikasının Yonhap agentliyinə təhvil verib. 2019-cu ilin noyabrın 7-də OANA-nın prezidenti Aslan Aslanovun rəhbərlik etdiyi OANA nümayəndə heyəti Koreya Prezidenti Mun Ce-in tərəfindən qəbul edilib. AZƏRTAC hazırda təşkilatın vitse-prezidentidir.
AZƏRTAC-ın sədrliyi ilə OANA-nın İcraiyyə Komitəsinin iclasları 2017-ci ilin mayında Livanda, 2018-ci ilin sentyabrında İranda, 2019-cu ilin aprelində Vyetnamda və 2019-cu ilin noyabrında Seulda keçirilib.
OANA-nın veb-resursu: http://oananews.org/

Türk Xəbər Agentlikləri Birliyi - ATNA

Türk Xəbər Agentlikləri Birliyi (ATNA) 6 noyabr 2023-cü ildə İstanbulda AZƏRTAC, Anadolu (Türkiyə), Qazkontent (Qazaxıstan), Kabar (Qırğızıstan) və UzA (Özbəkistan) xəbər agentlikləri tərəfindən təsis edilib. Təsis Baş Assambleyasında agentlikləri birgə Bəyannamə imzalayaraq təşkilatın Nizamnaməsini qəbul ediblər. ATNA-nın məqsədi türk xəbər agentlikləri arasında informasiya mübadiləsini genişləndirmək, birgə informasiya layihələri reallaşdırmaq, təcrübə mübadiləsi həyata keçirməkdir.
Buna qədər mövcud olmuş Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) 1992-ci ildə yaradılıb. TKA-nın yenidən qurulmasına ehtiyac olduğu üçün türk xəbər agentlikləri ATNA-nın təsis edilməsinə qərar veriblər. Bu, təşkilatın beynəlxalq informasiya məkanına inteqrasiyasına da şərait yaradacaq.

İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyi - UNA

İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyi – UNA-nın yaradılması barədə qərar 1972-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Ciddədə keçirilmiş 3-cü iclasında qəbul edilib. Təşkilat İslam Əməkdaşlıq Təşkilatının media orqanı hesab edilir. Quruma 57 üzv agentlik daxildir.
UNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbər yayır. Təşkilatın baş qərargahı Ciddədə yerləşir.
AZƏRTAC 2017-ci ildən UNA-nın idarəedici orqanı olan Şuranın üzvüdür.
Təşkilatın web-resursu: https://una-oic.org

Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyası - ANİA

ANİA 2004-cü il sentyabrın 23-də imzalanan razılaşma əsasında təsis edilib. Təşkilat MDB Hökumət başçıları Şurasının 2003-cü il sentyabrın 18-də qəbul edilmiş MDB-yə üzv ölkələrin milli informasiya agentliklərinin materiallarının mübadiləsi haqqında Razılaşmanın reallaşdırılması məqsədilə MDB ölkələri milli xəbər agentlikləri arasında peşəkar əməkdaşlıq forması kimi yaradılıb. ANİA-nın fəaliyyəti MDB Ölkələri Dövlət Xəbər Agentlikləri rəhbərləri Şurası tərəfindən koordinasiya olunur.
AZƏRTAC təşkilatın birgə layihələrində fəal iştirak edir, öz foto və xəbərlərini təşkilatın platforması vasitəsilə yayır.
ANİA-nın veb-resursu: http://ania-news.info

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası - BSANNA

2006-cı il mayın 29-dan 31-dək Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən təsis konfransında yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası - BSANNA Qara dəniz hövzəsi ölkələrinin milli informasiya agentliklərinin səylərini birləşdirən regional təşkilatdır.
14 milli informasiya agentliyinin təmsil olunduğu BSANNA-nın məqsədi sərbəst və bərabərhüquqlu informasiya mübadiləsi aparmaq və informasiyaların üzv agentliklərin ölkələri ərazisində yaymaqdır.
AZƏRTAC 2011-2013-cü illərdə bu təşkilata sədrlik edib. 2011-ci il iyulun 13-15-də Bakıda keçirilən BSANNA-nın V Baş Assambleyasında qurumun rəhbər orqanı - Bürosu yaradılıb. 2013-cü il aprelin 19-da Soçidə keçirilən VI Baş Assambleyada Baş katiblik təsis edilib.

Müstəqil Dövlətlər Birliyi Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurası

Müstəqil Dövlət Birliyi Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının yaradılması ilə bağlı razılaşma 1995-ci il noyabrın 3-ü qüvvəyə minib. Şuraya MDB ölkələrinin 8 milli agentliyinin rəhbərləri daxildir. Şura MDB Dövlət Başçıları Şurasına tabedir.
Şuranın XI (2 mart 2010), XIV (10 noyabr 2011), XVI (25 fevral 2013), XXII (16 noyabr 2016) iclasları AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda təşkil edilib.

"Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması

Platforma 2019-cu il iyunun 27-də Çinin Sinxua agentliyinin təşəbbüsü ilə Pekində təsis olunub. AZƏRTAC Sinxuanın bu təşəbbüsünü dəstəkləyən ilk media qurumlarından biri olmaqla, platformanın təsisçi-üzv statusuna malikdir. AZƏRTAC bu platforma vasitəsilə beynəlxalq ticarət yollarının və nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın iqtisadi inkişafı, irimiqyaslı enerji layihələri, biznes və sərmayə mühiti, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər beynəlxalq nəqliyyat marşrutunun fəaliyyəti, ölkəmizin logistika potensialı, turizm infrastrukturu, xarici ticarəti və iqtisadi qanunvericiliyinə dair xəbərlərini geniş auditoriyaya yaya bilir.
Platformaya dünyanın hər yerindən media qurumları və beyin mərkəzləri daxildir.
BRİnfo-nun veb-resursu: https://breip.imsilkroad.com

PNN İnformasiya mübadiləsi şəbəkəsi

AZƏRTAC Koreya Respublikasının Yonhap informasiya agentliyinin təşəbbüsü ilə 2017-ci ildə yaradılan xəbər mübadilə şəbəkəsinin üzvüdür. Şəbəkəyə dünyanın hər yerindən 55 informasiya agentliyi daxildir. Agentliklər şəbəkə vasitəsilə yayılan xəbərləri, foto və videoları öz resurslarında sərbəst şəkildə yayımlaya bilərlər. İlk öncə 2018-ci ildə Koreya Respublikasında keçirilmiş Pyonqçanq Qış Olimpiya Oyunlarına informasiya dəstəyi məqsədilə yaradılmış şəbəkə hazırda agentliklər arasında informasiya mübadiləsi platforması kimi fəaliyyətini davam etdirir. Şəbəkənin ilkin layihəsi 2016-cı ildə Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Konqresində də təqdim olunmuşdu.
PNN-nin veb-resursu: https://pnn2018.com

Qlobal müxbir şəbəkəsi

AZƏRTAC-ın 21 ölkədə 22 müxbiri fəaliyyət göstərir. Ümumilikdə müxbir məntəqələri 65 ölkəni əhatə edir.

Xarici dillərdə xəbər buraxılışı

AZƏRTAC ölkədə və dünyada baş verən hadisələrlə bağlı 7 xarici dildə xəbər yayır. Bura rus, ingilis, alman, fransız, ispan, ərəb və Çin dilləri daxildir. Xarici dillərdə gündəlik 300-ə yaxın informasiya buraxılır. Eyni zamanda 4 dildə - rus, ingilis, alman və fransız dillərində videoinformasiyalar hazırlanır.