DÜNYA
İtaliyada zəlzələ: 8 min nəfər sığınacaqlarda yerləşdirilib VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
İtaliyada bazar günü baş vermiş dağıdıcı zəlzələdən sonra evlərini itirmiş təxminən 8 min insan sığınacaqlarda və mehmanxanalarda yerləşdirilib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, İtaliya KİV-ləri sığınacağa ehtiyac duyan insanların əslində daha çox olduğunu yazır. Hazırda onların bir çoxu avtomobillərdə və şəhərin küçələrində quraşdırılmış çadırlarda yaşayır.
Xatırladaq ki, oktyabrın 30-da səhər saatlarında Mərkəzi İtaliyada 6,6 bal gücündə zəlzələ baş verib. Bunun ardınca sutka ərzində 200-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentri 5 min insanın yaşadığı Norça şəhəri yaxınlığında yerləşib. Nəticədə şəhərin tarixi hissəsinin xeyli zərər gördüyü, təxminən 20 nəfərin xəsarət aldığı bildirilir. Həlak olanlar və ya itkin düşənlər barədə məlumat verilmir.
Şəhər əhalisinin böyük əksəriyyəti artıq təhlükəli rayonlardan təxliyə olunub. Yerli hökumətin hesablamalarına görə, hazırda 100 min nəfərə yaxın insanın yardıma ehtiyacı var.
Yeraltı təkanlar ölkənin bütün ərazisində, həmçinin Romada və digər iri şəhərlərində hiss olunub.