REGİONLAR
Regionlara təşkil olunan tur-aksiyada ağcabədili məktəblilər də iştirak edir VİDEO






Ağcabədi, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib. Noyabrın 12-də səhər saatlarında Ağcabədi rayonundan 40 nəfərlik məktəbli qrup Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola salınıb.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçilərinin və valideynlərin iştirakı ilə mərkəzi meydanda yolasalma mərasimi keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs edib, belə layihələrin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan tur-aksiyanın məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətməkdən və gənclərdə milli-mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir.
Qrupun rəhbəri, rayonun 8 nömrəli tam orta məktəbinin müəllimi Xuraman Quliyeva AZƏRTAC-a müsahibəsində deyib: “Şagirdlərimiz dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar. Quba Soyqırımı Memorial kompleksi, Qırmızı qəsəbə, “Şahdağ” Qış-Yay Turizm Kompleksi, abidələr, muzeylər şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rol oynayacaq”.
Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Fatimə Fərzəliyeva tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: “Ekskursiyada iştirak etdiyimə görə çox sevinirəm. Məktəbdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı biliklər almışıq. İndi isə şimal zonası ilə bağlı oxuduqlarımı, eşitdiklərimi gözlərimlə görəcəm. İnanıram ki, səfərimiz maraqlı keçəcək”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.