CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Astara, İmişli, Qazax və Sumqayıtda VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Səyyar “ASAN xidmət” 14 noyabr-13 dekabr tarixlərində Astarada, 14-28 noyabr tarixlərində isə İmişlidə, Qazaxda və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara xidmət göstərəcək.
Bundan başqa, səyyar “ASAN xidmət” avtobusları 24 oktyabr-22 noyabr tarixlərində Qubada, 7-16 noyabr tarixlərində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 7-21 noyabr tarixlərində Naftalanda, 7 noyabr-6 dekabr tarixlərində Şamaxı və Yevlaxda vətəndaşların xidmətində olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.