REGİONLAR
Maarifləndirici tur-aksiya məktəblilərin tədrisdə qazandıqları nəzəri biliklərin möhkəmləndirilməsində önəmli rol oynayacaq VİDEO
Xırdalan, 17 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Noyabrın 17-də səhər tezdən “Ölkəmizi tanıyaq” tur-aksiyasının Abşeron rayonundan olan iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yolasalma mərasimi keçirilib. Rayonun IX-XI siniflərindən olan 40 şagird dörd gün ərzində ölkəmizin görməli yerləri ilə yaxından tanış olacaq. Məktəbliləri 3 müəllim, bir həkim və rayon icra hakimiyyəti aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılov müşayiət edir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər və məktəblilər şəhərin mərkəzində yerləşən Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Mərasimdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində önəmli rol oynayacaq, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır.
Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Kamran Rzayev çıxış edərək deyib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Qrup rəhbəri Könül Nəcəfova qeyd edib ki, tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə Avtomobil Zavodu, Şəmkir rayonunda orta əsr Şəmkir şəhəri, Abidələr parkı, Alman kilsəsi, İstiqlal parkı və “Nəfis çörək” zavodu, Göygöl rayonunda alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.
Tur-aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını vurğulayan qrup rəhbəri şagirdlərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Hüseyin Əliyev sevincini belə ifadə edib: “Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyincədir. Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti ilə məşhurdur. Bizim üçün bu imkanı yaradan Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Sonda aksiya iştirakçıları avtobusla Gəncəyə yola düşüblər.