REGİONLAR
Sumqayıt şəhər 1 saylı doğum evi əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO
Sumqayıt, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər 1 saylı doğum evi əsaslı şəkildə təmir edilib.
AZƏRTAC xəbər verir ki, 1959-cu ildə istismara verilən 1 saylı doğum evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. 75 çarpayılıq doğum evində havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən vaxt hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Səhiyyə ocağında cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri də fəaliyyət göstərir. Burada yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası yaradılıb. Doğum evinin həyəti abadlaşdırılıb, yaşıllıq salınıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən doğum evində şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.
Tibb ocağının konfrans zalında keçirilən müşavirədə icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə səhiyyə sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır. Ölkəmizdə səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına və mövcud problemlərin köklü həllinə yönəlib. Bu gün respublikamızın bütün bölgələrində tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqlarla zənginləşdirilir.
Müşavirənin sonunda Z.Fərəcov həkimlərə tapşırıq və tövsiyələrini verib, tibb müəssisələrində maddi-texniki bazanın yaxşılaşdırılması ilə bərabər, tibbi xidmətin keyfiyyətinin də yüksəldilməsinin vacibliyini bildirib.