DÜNYA
İsraildə hərbçilərə hücumla bağlı 9 nəfər saxlanılıb VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
İsrail polisi Qüds şəhərində 4 hərbçinin ölümü ilə nəticələnən hücumla bağlı təhqiqat çərçivəsində 9 nəfəri saxlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hücum edən şəxsin 28 yaşlı ərəb əsilli Fadi Kunbar olduğu bildirilir. Polisin rəsmi nümayəndəsi Luba Samrinin sözlərinə görə, saxlanılanlar arasında onun 5 qohumu da var. Onların hamısı Cəbəl Mukabir rayonunun sakinləridir. Yerli KİV-lər isə Fadi Kunbarın həyat yoldaşının və valideynlərinin də nəzarət altına alındığını yazır.
Polis, həmçinin Cəbəl Mukabir rayonun çıxışlarında sədlər quraşdırıb. Ərazidən çıxan avtomobillər diqqətlə yoxlanılır.
Xatırladaq ki, yanvarın 8-də Qüds şəhərində yük avtomobili hərbçilərin üzərinə sürülüb. Hadisə nəticəsində 4 nəfər həlak olub, ondan çox insan isə yaralanıb. Hücum edən şəxs İsrail hərbçiləri tərəfindən güllələnib.
Hadisə yerinə gələn İsrailin Baş naziri Benyamin Netanyahu hadisəni terror aktı adlandırıb və əsgərlərə hücum edən şəxsin İŞİD-lə əlaqəsinin olduğunu bildirib.