Manilada yanğın nəticəsində 15 min nəfər evsiz qalıb VİDEO
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-nə keçən gecə Filippinin paytaxtı Manilanın gecəqondu rayonunda baş verən yanğın nəticəsində 15 min nəfər evsiz qalıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Manila limanına bitişik Parola məhəlləsində bir gecədə mindən çox yaşayış tikilisi tamamilə yanıb. Yanğından mühafizə xidməti əməkdaşlarının sözlərinə görə, evlərin birində başlayan yanğın qısa müddətdə bir-birinə çox yaxın tikilən digər evlərə də keçərək bütün məhəlləyə yayılıb.
Yanğınsöndürənlər alovun öhdəsindən yalnız səhərə yaxın gələ biliblər. Hadisə nəticəsində cəmi 7 nəfər yüngül xəsarətlər alıb. Evlərini yubanmadan tərk edən məhəllə sakinləri gecəni küçələrdə keçiriblər.
Manilanın sosial xidmət orqanları səhər saatlarından etibarən insanları müvəqqəti sığınacaqlara yerləşdirməyə başlayıb.