CƏMİYYƏT
Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib VİDEO
Bakı, 7 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklillər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Tədbir Azərbaycan qadınlarına həsr olunmuş qısametrajlı filmin nümayişi ilə başlanılıb.
Komitə sədri Hicran Hüseynova ölkə başçısı İlham Əliyevin Azərbaycan qadınlarına ünvanlandığı təbrik məktubunu oxuyub, elmin və mədəniyyətin inkişafında xüsusi rolu olan və ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.
Komitənin sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi ən böyük dəyər ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi oldu. “Qadınların cəmiyyətdə böyük qüvvə olduğunu bugünkü tədbirdə ağbirçəklərin təqdim etdiyi əl işləri və uşaqların rəsmlərindən ibarət sərgidə də görmək olar. Zərif cinsin yaşlı nümayəndələri sənətləri ilə yanaşı mənəvi kamilliklərini də nümayiş etdirirlər. Onlar sübut edirlər ki, yaşından asılı olmayaraq qadının ailədə və cəmiyyətdə öz yeri var və onlara qayğı göstərmək hər birimizin borcudur. Onlar özlərini həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməlidirlər. Bu, çox mühüm məsələdir. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmiz bir neçə mötəbər tədbirə ev sahibliyi edəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri qadınlarının inkişafı” adlı fotomüsabiqə keçirib. Dəstəyə görə Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğluna təşəkkür edirik”, - deyə H.Hüseynova qeyd edib.
Tədbirdə “ Ana obrazı”, “İdmançı qadın” və “Lider qadınlar” nominasiyaları üzrə keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqədə Azərbaycan fotoqrafları ilə yanaşı, Türkiyə, İndoneziya, Mərakeş, Əfqanistan, Tacikistan və Qırğızıstanı təmsil edən foto ustaları da iştirak edib. Bir ay davam edən müsabiqənin təşkilat komitəsinə 150-yə yaxın fotoşəkil daxil olub.
Mərasimdə çıxış edən BMT-nın İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasseti bildirib ki, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və qloballaşma prosesində mühüm yer tutur. Cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkan yaradılması əsas məsələlərdən biridir.
Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva öz çıxışında müstəqillik illərində Azərbaycan qadınının milli-yaradıcı potensialına, şərəfli keçmişinə, mənəvi dəyərlərinə, vətənpərvərlik keyfiyyətinə və əzminə arxalanaraq böyük inkişaf yolu keçdiyini qeyd edib. Ulu öndər Heydər Əliyevin apardığı siyasətinin davamı olaraq Prezident İlham Əliyev də ictimai həyatda qadınlara xüsusi diqqət və qayğı göstərir, onların əməyini yüksək qiymətləndirir.
Bir qrup fəal qadına mükafatlar təqdim olunandan sonra tədbir konsert proqramı ilə davam edib.