REGİONLAR
Xaçmaz və Siyəzən məktəblərinin ərazisində 300 ədəd meyvə ağacları əkilib VİDEO
Xaçmaz, 3 aprel , Elxan Yusifli, AZƏRTAC
Aprelin 3-də Xaçmaz və Siyəzən məktəblərinin ərazisində 300 ədəd meyvə ağacları əkilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə kampaniyası ətraf mühitin mühafizəsi və təbiətin qorunması üzrə aparıcı təşkilat olan IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Məktəb bağları” layihəsi çərçivəsində reallaşıb.
Aksiya çərçivəsində Xaçmaz şəhər 9 nömrəli və Çingiz Abdullayev adına şəhər 2 nömrəli, eyni zamanda Müzəffəroba, Köhnə Xaçmaz, Qaradağ-buduq kənd tam orta məktəblərində ümumilikdə 200 ədəddən çox meyvə tingləri əkilib.
Siyəzən məktəblərinin ərazisində isə müəllim və şagird kollektivinin iştirakı ilə 100 ədəd meyvə ağacı əkilib.
Layihə məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılması ilə yanaşı, şagirdlərin ekoloji təmiz qida ilə təmin edilməsinə xidmət edir.