ELM VƏ TƏHSİL
Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib
Bakı, 6 may, Xatirə Cəfərova, AZƏRTAC
Mayın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadasının final mərhələsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 2007-ci ildən müntəzəm olaraq keçirilən olimpiadanın əhəmiyyətini qeyd edib. Bildirib ki, Ümumrespublika Olimpiadasının keçirilməsində məqsəd ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən İKT-nin inkişafına göstərilən diqqət və qayğıdan və bu istiqamətdə görülən tədbirlərdən söz açıb. E.Vəlizadə tələbələrin biliklərinin tətbiqi üçün böyük imkanlar yaradan və ölkəmizdə gələcək kadr potensialının yetişməsinə xidmət edən bilik yarışmalarının keçirilməsini yüksək qiymətləndirib.
Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.
Qeyd olunub ki, olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. Hər komanda bir müəllim və üç tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum dörd komanda olimpiadanın birinci mərhələsinə buraxılır. Təhsil müəssisələrinin yalnız bir komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Müsabiqə zamanı hər komandaya beş saat ərzində 10 alqoritmik məsələni həll etmək tapşırığı verilir. Finalda ən yaxşı nəticə göstərən dörd komanda qalib elan edilir.
Bu il respublikanın 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçərək olimpiadanın ilk mərhələsində iştirak edib. Qaydalara müvafiq olaraq, respublika üzrə 12 ali təhsil müəssisəsinin hər birindən 1 ən yaxşı nəticə göstərən komanda olimpiadanın ikinci- final mərhələsinə vəsiqə qazanıb. Münsiflər heyətinin qərarı ilə Sumqayıt Dövlət Universitetinin “DEV-SDU”, Mingəçevir Dövlət Universitetinin “MDU”, Gəncə Dövlət Universitetinin “Nizami” və Azərbaycan Texnologiya Universitetinin “AzeNET” komandalarının olimpiadanın final mərhələsində iştirakına imkan yaradılıb.
Qaliblər AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə “Nar” operatoru və “BestComp Group” şirkətinin qiymətli hədiyyələri, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri fərmanı və diplomlarla mükafatlandırılacaqlar.