CƏMİYYƏT
Gənclər arasında dialoqun stimullaşdırılması yolları müzakirə edilib VİDEO
Bakı, 6 may, AZƏRTAC
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyalardan biri də “Generation What?” gənclər layihəsi: Bir transmedia kampaniyası qlobal dialoqu necə stimullaşdıra bilər” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyanin moderatoru, Asiya və Sakit okean regionunda ictimai və humanitar elmlər üzrə UNESCO-nun regional müşaviri xanım Sue Vize müzakirə olunan mövzunun aktuallığından danışıb.
“YAMI 2” şirkətinin prodüseri Nik Kristofer “Generation What?” layihəsi haqqında məlumat verib. O bildirib ki, bu layihə vasitəsilə müasir dövrümüzdə gənclər onları maraqlandıran suallara cavab tapa bilərlər. Bu layihə çərçivəsində sorğular əvvəl televiziya, radio vasitəsilə aparılırdısa, hazırda onlayn olaraq həyata keçirilir. Sorğular sosioloq qruplarının hazırladığı 150 sualdan ibarətdir.
Qeyd edilib ki, gənclərin baxışlarında, həyat tərzində fərqlər müşahidə olunur və bunları müəyyən etmədikdə boşluqlar yaranır ki, bu da mənfi nəticələrə gətirib çıxara bilər. Müasir dövrdə yaşayan gənclər digər dövrlərə nisbətən daha savadlıdırlar, çünki onlar daha çox vəsaitə, vasitəyə malikdirlər. Bunları nəzərə alaraq gəncləri daha yaxşı başa düşmək, onlara müəyyən yol göstərmək, onları digər mədəniyyətdən olan həmfikirləri ilə tanış etmək önəmlidir və bu istiqamətdə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Asiya-Sakit okean Yayım Birliyinin proqramlaşdırma direktoru Tatsuhiro Beniko çıxış edərək bildirib ki, Asiyada yaşayan əhalinin 60 faizi gəncdir. O, “Generation What?” layihəsinin apardığı sorğularda asiyalı gənclərin daha yaxından və fəal iştirakını təşkil etmək istədiklərini bildirib. T.Beniko Nepal, Banqladeş, Kamboca, İndoneziya və digər ölkələrdə yaşayan gəncləri əhatə etmək üçün daha çox yayım şirkətlərini cəlb etmək niyyətində olduqlarını söyləyib.
Sessiyada gənclər arasında dialoqun stimullaşdırılması yolları ilə bağlı səmərəli müzakirələr aparılıb.