REGİONLAR
Qubalı fermerlər və baytar həkimlər xəstəliklərlə mübarizə mövzusunda təlimlərə cəlb olunublar VİDEO
Quba, 19 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 19-da Quba rayonunda heyvandarlıqla məşğul olan fermerlər və baytar həkimlər elmi-praktik təlimlərə cəlb olunublar.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimin iştirakçıları və mütəxəssislər əvvəlcə Qubanın Pirvahid kəndində xaricdən gətirilərək yerli mühitdə bəslənən cins mal-qaranın saxlanıldığı fərdi heyvandarlıq təsərrüfatına baxış keçiriblər. Burada heyvanların saxlanma şəraiti, xəstəliklərlə mübarizə üsulları, heyvandarlıqda tətbiq olunan mütərəqqi metodlar haqqında danışılıb.
“Kənd təsərrüfatı heyvanlarının parazitar və yoluxmayan xəstəliklərinə qarşı mübarizə tədbirləri” mövzusunda keçirilən təlimlər fermerlər və baytar həkimlərin iştirakı ilə Quba rayon Kənd Təsərrüfatı İdarəsində davam etdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təşkil etdiyi təlimlərin əhəmiyyətindən danışan mütəxəssislər heyvandarlığın inkişaf etdirilməsinin Ərzaq Təhlükəsizliyi Proqramının uğurla reallaşdırılmasında əsas istiqamətlərdən biri olduğunu vurğulayıblar.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları mühazirələrində heyvanların sağlamlığını qorumaq məqsədi ilə səmərəli müalicə və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Təlimlər zamanı iştirakçılara iri və xırdabuynuzlu heyvanların əsas helmint və qan-parazitar xəstəliklərinə qarşı mübarizə vasitələri, heyvanlarda demodekoz xəstəliyi və onun müalicəsi, kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri və ona qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.
Dövlət Xidmətinin əməkdaşları aparılan elmi-tədqiqat, praktik işlər, eləcə də aqrar sahədə informasiya-məsləhət xidmətinin rolu barədə fermerləri məlumatlandırıblar.
Təlim zamanı fermerləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq istiqamətlərdə tövsiyələr verilib.