REGİONLAR
“Yaşa Azərbaycan” adlı festival zəngin və maraqlı proqramı ilə yadda qalıb VİDEO
Füzuli, 25 may, Tahir Ağaməmmədov, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Füzuli rayonunda keçirilən “Yaşa Azərbaycan” adlı festivalın proqramı zəngin və maraqlı olub.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində əvvəlcə ASAN könüllüləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar.
Tədbir iştirakçıları düşmənlə üz-üzə Vətənin keşiyində dayanan əsgərlərlə görüşüblər. “Əsgərə Məktub!” layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim edilib.
“ASAN Məktub” layihəsi isə uşaqların sevincinə səbəb olub. Belə ki, Füzuli rayonunun cəbhə xəttində yerləşən Qazaxlar kənd tam orta məktəbində uşaqların www.asanmektub.az saytı vasitəsilə vətəndaşlara ünvanladıqları məktublara cavab olaraq alınmış hədiyyələr onlara verilib. Eyni zamanda, Bilik Fondu tərəfindən məktəblilərə müxtəlif mövzulu kitablar da hədiyyə edilib.
Həmin gün “Yaşıl ASAN” təşəbbüsü “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə “Qarabağa doğru” ekoloji layihə çərçivəsində məktəblilərə təlim keçirib, ağacəkmə aksiyası olub. Təlim cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işi artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyır.
Horadiz şəhərində ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun “Vətən daşları” tamaşası təqdim edilib. Tamaşada yaşadığı bütün ağrı və acılara baxmayaraq, hələ də ürəyi Vətən üçün döyünən atanın, həyatlarını fəda edəcək qədər cəsur övladların və bütün bunların ağrısını qəlbində daşıyan bir ananın acı, lakin bir o qədər də ibrətamiz həyatından bəhs olunur.
“Mədəniyyət carçısı” və “Məktəblinin dostu” layihəsi ilə birgə hazırlanan Cəlil Məmmədquluzadənin “Poçt qutusu” tamaşası da böyük marağa səbəb olub.
ASAN könüllüləri və N saylı hərbi hissənin əsgərləri əllərində üçrəngli bayrağımızla Qəhrəmanlar parkından Heydər Əliyev adına parka yürüş ediblər.
“Yaşa Azərbaycan” adlı festival Horadiz şəhərindəki Heydər Əliyev adına parkda davam etdirilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək, Azərbaycan Demokratik Respublikasının yaranmasından və fəaliyyətindən, dövlətçilik tariximizdə rolundan danışıblar. Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Festival rəngarəng konsert proqramı ilə davam etdirilib.