REGİONLAR
Abşeron rayon məktəblərinin 2073 məzunu üçün son zəng çalınıb VİDEO
Xırdalan, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Ənənəvi olaraq hər il keçirilən son zəng bayramı Abşeron rayonunun orta ümumtəhsil məktəblərində bu il də təntənəli şəkildə qeyd olunub. 2016-2017-ci tədris ilinin başa çatması münasibətilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə də son zəng tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məzunları təbrik edən məktəbin direktoru Əməkdar Müəllim Kəmalə Yusifova gələcəyimiz olan gənclərin müstəqil dövlətin vətəndaşı kimi Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edib. Bildirilib ki, tədris ilində 11-ci sinfi 119 şagird bitirib. Bunlardan 161 nəfəri Azərbaycan, 38 nəfəri isə rus bölməsindədir. Ali məktəbə qəbul imtahanının 1-ci mərhələsində məktəbin 5 şagirdi 600-dən çox bal toplayıb.
Məktəbin şagird və kollektivini məzun günü münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edilib ki, ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır.
Məzunlar da öz növbələrində Vətənə layiqli övlad olacaqlarına söz veriblər.
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, səsləndirilən mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonra məzunlar bilik rəmzi sayılan açarı 10-cu sinif şagirdlərinə təqdim etməklə estafeti onlara veriblər. Nəhayət məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri, 11 illik məktəb həyatının sonuncu zəngi çalınıb. Məktəbin 1-ci sinif şagirdləri 11-ciləri təbrik ediblər.