REGİONLAR
Qəbələdə yanğınsöndürən və xilasedicilərin respublika və beynəlxalq yarışları başlayıb VİDEO





















Qəbələ, 26 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
İyunun 26-da Qəbələ rayonunda “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika yarışının və “Gənc xilasedici” V Beynəlxalq yarışının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra 9 ölkənin, 10 şəhər və rayonun gənc yanğınsöndürənləri və xilasediciləri, komandaların rəhbərləri Şəhidlər Xiyabanına gedərək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızların məzarını ziyarət ediblər.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən yarışların açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov çıxış edərək bildirib ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin ənənəvi olaraq hər il təşkil olunmasında əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır.
Qeyd edilib ki, yarış ümumilikdə 3 mərhələdə (rayon-şəhər, zona və respublika) təşkil edilib. Zona yarışlarında qalib gələn komandalar final mərhələsinə vəsiqə qazanıblar. Bir həftə davam edəcək respublika birinciliyinin final yarışlarında 10 şəhər və rayonun komandası beş mərhələdə - “Manelər zolağı”, “Kombinəedilmiş yanğın estafaeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə mübarizə aparacaqlar. “Gənc xilasedici” V beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Rumıniya, Belarus, Pakistan, Qazaxıstan, Bolqarıstan və Gürcüstan komandaları iştirak edirlər.
Mərasimdə general-mayor Niyazi Zamanov yarış iştirakçıları ilə görüşərək onlara uğurlar arzu edib. Sonra komandalar hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.
Qəbələdə quraşdırılan çadır şəhərciyində keçirilən yarış iyulun 2-də başa çatacaq və qaliblərin mükafatlandırılması mərasimi olacaq.