CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən külli miqdarda valyutanın ölkədən çıxarılması cəhdinin qarşısı alınıb VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən külli miqdarda valyutanın ölkədən çıxarılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda ölkəmizdən Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi “Volkswagen” markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub. Vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 milyon 540 min Rusiya rublu (59 min ABŞ dolları ekvivalentində) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.