CƏMİYYƏT


Bakıda 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Buta sarayında 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri, Dünya Skaut Komitəsinin yeni üzvü İlyas İsmayıllı çıxış edərək 41-ci konfransın keçirildiyi günlərdə məhsuldar müzakirələrin aparıldığını qeyd edib. Bildirib ki, avqustun 14-dən başlayaraq keçirilən konfrans günlərində skautlar son 3 ildə görülən işlərlə bağlı aparılan fikir mübadilələrində, hərəkatın gələcək planları ilə bağlı müzakirələrdə, təşkilata yeni üzvlərin seçilməsində baş tutan səsvermələrdə fəal iştirak ediblər. Bu tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edən İlyas İsmayıllı 2020-ci ildə Misirdə keçiriləcək 42-ci Dünya Skaut Konfransının işinə uğurlar arzulayıb.

Mərasimdə Dünya Skaut Komitəsinin yeni sədri Qreq Turpi çıxış edərək Bakı konfransının skautların bu günə qədər keçirdikləri ən iri toplantı olduğunu, burada 151 rəsmi nümayəndə heyətinin təmsil olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, hərəkatın insanların həyatına böyük təsiri olub, təşkilat inkişaf etdikcə onun üzvlərinin sayı da artıb, hazırda isə hərəkat əlavə ehtiyatlar axtarışındadır.

Daha sonra skautlar müxtəlif dillərdə qonaqpərvər Bakıya təşəkkürlərini bildiriblər. Bakı konfransı ilə bağlı videoçarx nümayiş etdirilib. Videomateriallar konfrans günlərinin sevinc dolu anlarını mərasim iştirakçılarına bir daha yaşadıb.

Bağlanış mərasimi Azərbaycanın “Exellent” qrupunun ifasında konsert proqramı ilə davam edib.

Xatırladaq ki, beş gün ərzində keçirilən Bakı konfransında skaut hərəkatında daha yaxşı idarəçiliyin həyata keçirilməsi, komitənin şəffaflığı, qəbul edilən qərarların təkmilləşdirilməsi, gənclərin Dünya Skaut Təşkilatına cəlb olunması, skautların birliyi kimi məsələlər qaldırılıb. Konfransda skaut hərəkatının inkişafı, təcrübə mübadiləsi, əlaqələr, qarşılıqlı uğurların qeyd olunması və ən əsası, təşkilatın təhsil sahəsində gələcəyini müəyyənləşdirəcək qərarlar müzakirə olunub.

Qeyd edək ki, 40 milyon skautu təmsil edən milli skaut təşkilatlarından biri də 1997-ci ildə yaradılan Azərbaycan Skautlar Assosiasiyasıdır. Assosiasiya iyirmi il ərzində öz təşkilati strukturunu, idarəetmə sistemini inkişaf etdirir, çoxsaylı mühüm layihələrə start verir və həyata keçirir, hər il beynəlxalq düşərgələr təşkil edir. Azərbaycan Skautlar Assosiasiyası ölkəmizdə gənc nəslin tərbiyəsində böyük rol oynayır. Bu gün ölkənin 16 bölgəsində təşkilatın 1750-dən çox üzvü var. Son 3 il ərzində assosiasiya skautinq üzrə 210-dan çox yerli layihə və tədbir həyata keçirib. Bundan başqa o, öz üzvləri üçün hər il proqramlar və yay düşərgələri təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.