CƏMİYYƏT
Bakıda nəqliyyat vasitələrindən oğurluq edən dəstə saxlanılıb VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Daxili işlər orqanları tərəfindən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşlara məxsus şəxsi nəqliyyat vasitələrindən pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxt sakinlərindən biri nazirliyin “102” Zəng Mərkəzinə müraciət edərək Xətai rayonunun NZS qəsəbəsində yaşadığı evin qarşısında ona məxsus “Mercedes” markalı avtomobildən naməlum şəraitdə maqnitofonun oğurlandığını bildirib.
Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Elvin Hüseynov, Elşən Ağayev, Qasım Novruzov və Nicat Hüseynov saxlanılıblar.
Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onların cari il iyulun 30-dan avqustun 22-dək olan müddətdə Xətai rayonu ərazisində daha 6 nəqliyyat vasitəsindən mobil telefon, pul, akkumulyator və maqnitofon oğurladıqları məlum olub.
Dəstə üzvləri oğurluq yolla əldə etdikləri avtomobil ehtiyat hissələrini paytaxtın müxtəlif ərazilərində dəyər-dəyməzinə satıblar.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən bir nəfər saxlanılıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyulun 17-dən avqustun 14-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən, 2 mağazadan, habelə tibb müəssisəsindən pul, mobil telefon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov tutulub.
S.Zeynalovun ətrafında aparılan tədbirlərlə onun bu ilin iyul ayı ərzində rayon ərazisində 1 mağazadan və 1 “Topaz” mərc oyunları məntəqəsindən pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı Xətai və Yasamal Rayon Polis idarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların belə qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal, eləcə də Xətai Rayon Polis idarələrinə müraciət edə bilərlər.