CƏMİYYƏT
Evə basqın edən maskalı şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
Daxili işlər orqanları şəxsiyyət əleyhinə quldurluq cinayətlərinin qarşısının alınması və bu tipli qanunsuz əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il iyulun 30-da Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birinə basqın edən üzlərində maska olan naməlum şəxslər ev sahibi və həyat yoldaşına zor tətbiq edib əl-qollarını bağlayaraq, mənzildən 5800 ABŞ dolları, 2200 manat pulu, 3 mobil telefonu, “Frank Müller” markalı qol saatını, bir ədəd adi qol saatını, suvenir xəncəri quldurluq yolu ilə talayaraq hadisə yerindən qaçıblar.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri Natiq Musayev, onun qohumu Elməddin Musayev tərəfindən törədildiyi müəyyənləşdirilib. Həmin şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyalar isə saxlanılan şəxslər arasında bölünüb. Ev sahibinə məxsus olan “Frank Müller” markalı qol saatı isə dəstə üzvü E.Musayevdə aşkarlanaraq götürülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.