REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Tovuzda vətəndaşları qəbul edib VİDEO
Tovuz, 8 sentyabr, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 8-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuz rayonunda bölgə vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Ramin Quluzadə və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda R.Quluzadə Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarının sakinlərinin müraciətlərini dinləyib. Vətəndaşlar əsasən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Regional səfər çərçivəsində nazir aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda R.Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.