ELM VƏ TƏHSİL
Güclü geomaqnit qasırğası seriyası davam edir
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 12-dən növbəti geomaqnit qasırğası başlayıb. Hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Həmçinin G2 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir. Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 qasırğası). Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur). Günəş diskinin görünən səthində bir aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev AZƏRTAC-a bildirib ki, bu qruplar kifayət qədər böyükdür və hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər. AR 2673 daha təhlükəli sayılır və “beta-qamma-delta” quruluşlu maqnit sahəsi o qədər mürəkkəbdir ki, bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75 faizdir). Məhz sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, sentyabrın 12-də axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub. Hazırda Günəş plazma küləyinin sürəti saniyədə 525 kilometrdir.
Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi vəziyyətin daha gərgin olmasına şərait yaradır.
Qasırğa yuxarı en dairələrində daha təsirli olur, əsrarəngiz qütb parıltılarının şəkilləri artıq mediada yayımlanıb. Bizim orta coğrafi en dairələri üçün təsir nisbətən zəif olur.
Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan xroniki ürək-qan-damar xəstələri, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər görməlidirlər. Budəfəki qasırğa texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən bir saatlıq deqradasiya yarandığı barədə məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radiodonma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb. Bu, adətən qütblərdə yüksək tezlikli elektromaqnit dalğalarının yayılmasına mənfi təsir göstərir.
Göründüyü kimi kosmik hava şəraiti çox əlverişsizdir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.